среда, 4 января 2012 г.

GƏNC SİYASİ MÜHACİRLƏR “DİKTATURAYA YOX!” DEDİLƏR

Gündəm
GƏNC SİYASİ MÜHACİRLƏR “DİKTATURAYA YOX!” DEDİLƏR
2012-01-04
Haaqada
Ötən ilin son günlərində Avropada yaşayan gənc siyasi mühacirlər Hollandiyanın Haaqa şəhərində yerləşən Azərbaycan səfirliyi önündə etiraz aksiyası keçiriblər. Aksiya Azərbaycandakı hakimiyyətə etiraz etmək və həbsdə olan siyasi məhbuslara və ümumilikdə ölkədə demokratiya uğrunda mübarizə aparanlara mənəvi dəstək məqsədi daşıyıb.


Piketdə “ Siyasi məhbuslara azadlıq!”, “ Biz Əliyevlər rejiminə yox deyirik!”, “Avropa Birliyi Əliyevlər rejiminə dəstək verməsin” kimi şüarlar səsləndirilib. Aksiyanı giriş sözü ilə açan təşkilatçı İsa Yusifli çıxışına soyuq hava şəraitinə baxmayaraq aksiyada iştirak edərək vicdan borcunu yerinə yetirən gənclərə, xüsusilə 5 aylıq Həvvaya təşəkkürlə başlayıb. Natiq səfirliyin hər il may ayında büdcəni göyə sovraraq, zanbaqların Bakıya ixracına canfəşanlıqla yardımçı olduğunu, amma səfirliyin binasında Azərbaycanın adının yanlış yazılmasının hakimiyyətin ölkəni hansı mahiyyətlə idarə etdiyini bariz şəkildə göstərdiyini deyib.



Daha sonra 2011-ci ildə dünya miqyasında baş verən xalq hərəkatları və bu hadisələrin fonunda Azərbaycanda da vəziyyətin əvvəlki kimi olmadığını vurğulayan İsa Yusifli ölkədə xalqın bu rejimə qarşı mübarizəsinin yaxın vaxtlarda nəticə verəcəyinə əminliyini vurğulayıb. Ölkədə ötən il ərzində vətəndaşların düşüncə və sərbəst toplaşmaq kimi fundamental hüquq və azadlıqlarının avtoritar rejim tərəfindən daha da boğulduğunu bildirən İsa bəy bu siyahıya vətəndaşların mülkiyyət hüququnun pozulmasını da əlavə edib.



Sonda siyasi məhbusların hamısına dərhal azadlıq tələb edən İsa Yusifli müstəqilliyin lehinə səs verən Arif Hacılının müstəqilliyin 20-ci ilini məhbəsdə qarşılamasını hakimiyyətin ayağına yazılan utanc hadisəsi olduğunu deyib. Ardınca söz alan Həbib Müntəzir aksiya ilə eyni vaxtda İsveçdə hakimiyyətin konsert, gənclərin isə boykot aksiyası keçirdiyini iştirakçılara bəyan edib. Tanınmış fəal öz çıxışında hakimiyyətin ölkə büdcəsini həm ölkə içində, həm də onun xaricində taladığını deyərək rejimi istefaya səsləyib və siyasi məhbusları azad etməyə çağırıb.



Tədbirdə iştirak edən Müsavat Gənclər təşkilatının üzvü Tural Sultan ilk növbədə dostu Rüfət Hacıbəylinin doğum gününü təbrik edib və gənclərə qarşı repressiya siyasətinin hakimiyyətin qorxaqlığı və müstəqil, mütərəqqi düşüncə tərzindən çəkinməsi ilə əlaqələndirib.
Tədbirdə iştirak edən Hollandiyalı gənc siyasətçi Ben Burgers Azərbaycan iqtidarının əməllərinə beynəlxalq ictimaiyyətdə əvvəlki kimi laqeyd yanaşılmadığını deyib. B.Burgers beynəlxalq qurumları Avropanın hüdudları içərisində olan diktatura rejiminə qarşı daha qətiyyətli olmağa çağırıb.



Aksiyanın sonunda Azərbaycanda məruz qaldığı təhdidlər ucbatından Hollandiyaya pənah gətirən məşhur gənc musiqiçi Azər Cırtdanın ifasında etiraz mahnıları səsləndirilib və aksiya uğurla başa çatdırılıb.

http://www.musavat.com/new/Gündəm/115262-GƏNC_SİYASİ_MÜHACİRLƏR_“DİKTATURAYA_YOX!”_DEDİLƏR