воскресенье, 11 декабря 2011 г.

VİCDAN MƏHBUSLARININ MƏHKƏMƏSİNDƏ DAVA DÜŞDÜ

Siyasət
VİCDAN MƏHBUSLARININ MƏHKƏMƏSİNDƏ DAVA DÜŞDÜ
2011-12-10
Mülki geyimli şəxslər dəmir barmaqlıqlar arxasındakı siyasətçilərə və əməkdaşımıza hücum etdi; “Yeni Müsavat”ın kamerası sındırıldı


Dünən Bakı Apelyasiya Məhkəməsində İctimai Palatanın keçirdiyi 2 aprel aksiyasında iştirak etdiyi üçün ağır cəzalara məruz qalan 4 vicdan məhbusunun apelyasiya məhkəməsi keçirildi. Prosesdə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və AXCP təşkilat şöbəsinin müdiri Məhəmməd Məcidlinin apelyasiya şikayətinə baxılırdı. Məhkəmə prosesi qalmaqalla müşayiət olundu.
Dünənki məhkəmə iclasına İctimai Palata rəhbərliyində təmsil olunan Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli də qatılmışdılar. Prosesin sonuncu olacağı ehtimalı məhkəməyə gələn müxalifət fəallarının sayını xeyli artırmışdı. Əraziyə cəlb olunan təhlükəsizlik qüvvələrinin sayı da həmişəkindən çox idi.
Vicdan məhbuslarının zala girişi alqışlarla qarşılandı. Onlar yaxşı əhval-ruhiyyədə idi. Məhkəmə nəzarətçilərinin müqavimətinə baxmayaraq siyasi liderlər vicdan məhbusları ilə dəmir barmaqlıqlar arxasından da olsa əl tutub görüşə bildilər.
Məhkəmə iclasının açılışından dərhal sonra Arif Hacılı hakimə ötən prosesdə verdiyi vədi xatırlatdı. Keçən prosesdə hakim zalda çəkiliş aparmağa icazə verəcəyini demişdi. Hakim Vaqif Mursaqulov da A.Hacılının sözlərinə “çəkiliş azaddır” cavabını verdi. Hər şey də elə bundan sonra başladı.


Hakim müsavatçı gənc fəal Səxavət Soltanlının fotoçəkiliş aparmasına etiraz edərək onun çölə çıxarılmasını əmr etdi. Hakim onun zaldan çıxarılmasına dair göstəriş verdi. Bu zaman zala idmançı görkəmli 4-5 mülki geyimli şəxs girdi. Onlar S.Soltanlını zorla uzaqlaşdırmaq istəyəndə Tural Abbaslı buna etiraz etdi. Mülki geyimlilər bu etirazlara məhəl qoymadılar. Onlardan biri dəmir barmaqlıqlar arxasındakı T.Abbaslıya yumruq atanda isə vəziyyət böhran həddinə çatdı. Mülki geyimlilərdən daha 3-ü məhbuslara yumruq atmağa başlayanda zaldakıların hamısı ayağa qalxdı. Zalda “Azadlıq” şüarları səsləndi. Hər kəs hakimdən prosesi tənzimləməyi, sakitlik yaratmağı tələb etdikdə hakim fasilə elan edib zaldan qaçdı.
Fasilə zamanı dustaqları müşayiət edən konvoylar mülki geyimliləri zaldan uzaqlaşdırdı. Qarşıdurma zamanı redaksiyamızın əməkdaşı Leyla İlqarın fotoaparatı təxribat və qarışıqlıq salan mülki geyimlilərdən biri tərəfindən sındırıldı. Şəklinin çəkildiyini görən həmin şəxs zor tətbiq edərək fotoaparatı əməkdaşımızın əlindən alıb məhkəmə zalının döşəməsinə çırpdı. Daha sonra həmin şəxsin məhkəmə işçisi olduğu məlum oldu.


Hakim 40 dəqiqədən sonra geri döndü. Bu zaman Tural Abbaslı ayağa qalxıb söz istədi. Hakim izn vermədi, amma T.Abbaslı çıxışını kəsmədi. Belə olanda hakim növbəti dəfə fasilə elan edib zalı tərk etdi. Onun bu hərəkətinə “nə yaman küsəyən hakimmiş” kimi reaksiyalar gəldi.
Vicdan məhbuslarını müdafiə edən vəkil Əsabəli Mustafayevin zaldakılardan xahiş etdi ki, hakim heyətinin əlinə bəhanə verməmək üçün bir az təmkin göstərsinlər. Bundan sonra o, hakimləri geri döndərə bildi. Hakim V.Mursaqulov geriyə xəbərdarlıqla döndü: “Bir də səs-küy olsa, zalı da boşaldacağam, məhkumları da çıxarıb prosesi keçirəcəyəm”.
Hakim çəkiliş məsələsinə dair izahat verərək dedi ki, guya prosesdə fotoçəkilişə yox, videoçəkilişə icazə verib.
Dövlət ittihamçısı çıxış edərək dedi ki, məhbusların ancaq iki vəkili prosesə qatılıb. O, bunu əsas gətirərək məhkəmənin təxirə salınmasını istədi. Hakim də bunu bəhanə edib prosesi təxirə saldı. Qeyd edək ki, prosesdə iştirak edən vəkillər və məhbuslar iclasın keçirilməsinin tərəfdarı idi. Hakim məhkəmə prosesinin dekabrın 16-da davam edəcəyini bildirdi.
Xatırladaq ki, liderlərin iştirak etdiyi məhkəmə proseslərində hakimiyyət həmişə xüsusi təxribatlar təşkil edir. Sonuncu dəfə belə hal Səbayel Rayon Məhkəməsində keçirilmiş prosesdə qeydə alınmışdı.


Dünənki məhkəmə prosesində baş verən skandala İsa Qəmbər və Əli Kərimli də münasibət bildirib. Müsavat başqanı məhkəmədə baş verənləri siyasi sifariş və qərəz adlandırdı. Dedi ki, hazırda həbsdə saxlanan əqidədaşları “Şərəf”, “İstiqlal” ordenlərinə layiq insanlardır. İ.Qəmbər məhkəmədə baş verənləri Azərbaycan reallığına bənzətdi: “Zalda şərə xidmət edən bir neçə dövlət məmuru, onların buyruğunda duranlar vardı, bir də vardı haqqı-ədaləti müdafiə edən çoxluq. Əgər bizim səyimiz olmasaydı, o çoxluq bir neçə ara qarışdıranı iki dəqiqəyə süpürüb atardı. Bu, eynən ölkədəki vəziyyətdir, xalq hələ səbir edir, hakimiyyəti ağıla, məntiqə, hüquq dəvət edir, bunlara əhəmiyyət verilməsə, onları da süpürüb atacaqlar. 2012-ci il gərgin və maraqlı il olacaq. Bugünkü məhkəmədən çıxardığım nəticə budur”.
Ə.Kərimli baş verənləri məhkəmənin ifşası adlandırdı: “Bu skandal göstərdi ki, hakimlər prosesi qanunauyğun formada aparmaq iqtidarında deyil. Hakimiyyət ictimaiyyətin, medianın diqqətindən narahatdır. Bilirlər vicdan məhbusları kəskin çıxışlar edəcək. Ona görə də süni gərginlik yaradırlar”.
Ə.Kərimli dedi ki, hakimiyyətin məhkəmədəki son təxribatı nə məqsədlə törətməyindən asılı olmayaraq bu, əks-effekt yaratdı: “Növbəti dəfə bəlli oldu ki, mülki geyimli şəxslər hətta Apelyasiya Məhkəməsinin zalına da gəlib müxalifətə qarşı zorakılıq edə, xuliqanlıq törədə bilərmiş. Yaxşı oldu ki, cəmiyyət bu adamların layiqli cavabını verib yerində oturtdu. O da bəlli oldu ki, cəmiyyətin müqavimət gücü o dərəcədədir ki, birilərini hətta məhkəmə zalında da xuliqanlıqdan, qanunsuzluqdan çəkindirə bilir”.

“Yeni Müsavat”ın reportyor qrupu