суббота, 3 декабря 2011 г.

HƏBSDƏ OLAN MÜSAVATÇININ VƏZİYYƏTİ PİSLƏŞİB

Ölkə
HƏBSDƏ OLAN MÜSAVATÇININ VƏZİYYƏTİ PİSLƏŞİB
2011-12-03
Yaxınları onun müalicə olunmadığını bildirirlər


Həbsdə olan müsavatçı Elşən Həsənovun vəziyyəti pisləşib. Müsavat partiyasının Sabunçu rayon təşkilatının üzvü E.Həsənovun səhhətində ciddi problemlər yarandığından, o, müalicə müəssisəsinə köçürülüb. Yaxınları ona normal tibbi yardım göstərilməməsindən şikayətlənirlər.
Onun yaxınlarından Samir Tağıyevin sözlərinə görə, E.Həsənovun yanına üç gün əvvəl gedib və görüş zamanı onun vəziyyətinin yaxşı olmadığını görüb: “Elşəni on günlük Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürüblər. ancaq normal müalicə etmirlər. Deyirlər ki, şəhərdən həkim gələcək, ancaq hələ həkim gəlib müayinə etməyib”.
S.Tağıyev bildirir ki, E.Həsənovun səhhəti gün-gündən pisləşir: “Qaraciyərində, mədəsində problem var. Ayaqları şişib. Ayaqlarında uşaqlıqdan xəstəlik olub, deyir ki, ona görə heç əsgər də aparmayıblar. İndi də ayaqları şişib və özünü yaxşı hiss etmir, rəngi qaralıb. Yayına getdiyimdə heç yaxşı deyildi. Noyabrın əvvəlində də onun yanına getmişdim, vəziyyəti bu qədər çox deyildi".
E.Həsənovun həyat yoldaşı Rəna Həsənova isə qeyd edir ki, bir həftə əvvəl görüşə getdiyi zaman onun vəziyyətinin yaxşı olmadığının şahidi olub: “İki gün idi ki, müalicə müəssisəsinə köçürmüşdülər, ancaq demək olar ki, müalicə etmirdilər. Deyirdilər ki, burada onu müayinə edəcək həkim yoxdur, şəhərdən həkim gəlməlidir”.
Qeyd edək ki, E.Həsənov 2 aprel aksiyasına görə həbs olunub. O, iki dəfə mədə əməliyyatı olunub, eşitmə qüsuru var, həm də Hepatit C xəstəliyindən əziyyət çəkir. Qeyd edək ki, E.Həsənov mətbuata açıqlamasında dövlət başçısı İlham Əliyevin sinif yoldaşı olduğunu bildirmişdi.
R.RƏFİYEVA