воскресенье, 18 декабря 2011 г.

AŞ PA MƏRUZƏÇİLƏRİ 2 APREL MƏHBUSLARINA AZADLIQ İSTƏDİ

Siyasət
AŞ PA MƏRUZƏÇİLƏRİ 2 APREL MƏHBUSLARINA AZADLIQ İSTƏDİ
2011-12-18
Onlar prezidentdən tutulanların ilin sonunadək azadlığa buraxılmasını xahiş edir


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə məruzəçiləri ölkə prezidentinə müraciət edərək Bakıda mart və aprel aylarında keçirilmiş nümayişlərdən sonra siyasi baxışlarına görə həbs olunmuş 17 nəfərin azadlığa buraxılmasına çağırıblar. Müraciətdə prezident İlham Əliyev bu ilin mart-aprel aylarından keçirilmiş aksiyalara görə tutulan 17 siyasi məhbusun ilin sonunadək azadlığa buraxılması xahiş edilir.
Məruzəçilər - ispaniyalı senator Pedro Agramunt Font de Mora və Malta parlamentinin üzvü Josef Debono Qrex, AŞ Monitorinq Komitəsinin Parisdə cümə axşamı keçirilən Azərbaycana dair müzakirələrindən sonra İ.Əliyevə ünvanladıqları məktubu imzalayıblar.
“Məlumdur ki, 17 adam yazda nümayişlərdən sonra siyasi səbəblərdən həbs olunublar və biz prezidentdən onları ilin sonunadək azad etməyi xahiş edirik” - deyə Agramaunt BBC-nin Azərbaycan xidmətinə müsahibəsində bildirib.
Bəs Azərbaycan hakimiyyəti siyasi məhbusları azad etməzsə, Avropa Şurası ölkəyə qarşı hansı tədbirlər görəcək? İspaniyalı senator bu suala cavab verməkdən boyun qaçırıb. Və o, əlavə edib ki, Azərbaycanda insan haqlarının pozulması halları Rusiya, Ukrayna, Ermənistan və Gürcüstan kimi keçmiş sovet ölkələrində olduğundan daha pis deyil. Parisdə bağlı qapılar arxasında keçirilən müzakirələr “Amnesty İnternational” insan haqları qrupunun son hesabatı üzərində aparılıb. Hesabatda Azərbaycan hökuməti dinc nümayişləri kriminallaşdırmaqda və “ərəb baharı”ndan ilhamlanan nümayişçilərə qarşı mart-aprel aylarında aşırı gücdən istifadə etməkdə ittiham olunur.
Agramunt deyib ki, iclas iştirakçılarının bəziləri Azərbaycana qarşı tənqidlərlə razılaşıb, digərləri isə ölkəni müdafiə edib. Məruzəçi bildirib ki, o, “Amnesty İnternational”ın anti-hökumət nümayişlərindən sonra həbs olunmuş 17 adamı siyasi məhbus hesab etməsini dəstəkləyir və onların dərhal azadlığa buraxılması tələbi ilə razılaşır.
Amma Agramunt Azərbaycan hakimiyyətini tənqid etməyib. “Məlumdur ki, Azərbaycan demokratiyasında problemlər var, amma eyni problemlər Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan və Moldovada da var. Şərqi Avropanın demək olar ki, bütün ölkələrində eyni problemlər var. Demək olmaz ki, Azərbaycanda insan haqları bu ölkələrdən daha pisdir” - deyə ispaniyalı senator bildirib.
O, Avropadan 47 dövlətin üzv olduğu Avropa Şurasının, 17 məhbus azadlığa buraxılmazsa, Azərbaycana qarşı hansı tədbirlər görəcəyini şərh etməyib: “Biz prezidentdən onları azad etməsini istəyirik. Gözləyək, ümid edirəm ki, nəticə yaxşı olacaq”.
Bu arada məlum olub ki, AŞ PA bürosunun Parisdə keçirilmiş iclasında 23-27 yanvar tarixlərində keçiriləcək AŞ PA qış sessiyasının ilkin gündəliyi açıqlanıb. 5 gün davam edəcək sessiyada Azərbaycanla bağlı hər hansı məsələ gündəliyə salınmayıb.
Yanvarın 23-ü üçün iclas gündəliyinə salınan əsas məsələ AŞ PA sədrinin, onun müavinlərinin və komitə üzvlərinin seçilməsidir. Eləcə də AŞ PA-nın qış sessiyasının gündəliyi də yanvarın 23-də təsdiqlənəcək. Sessiyanın sonuncu günündə isə demoqrafik vəziyyət diqqət mərkəzində olacaq. Çağırışların imkanlara çevrilməsi istiqamətində müzakirələr aparılacaq, hesabat dinlənəcək. Sonda Daimi Komitənin konstitusiyasına nəzər salınacaq və sessiya öz işini sona çatdıracaq.